Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında

Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 655 saylı Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Koordinasiya Şurasının əsas vəzifələri daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqindən ibarətdir.

Son dövrdə ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilmişdir. Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlamış, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası reallaşmaqdadır. Azərbaycanda bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində mühüm rol oynamış və tranzit daşımalarda iştirak imkanlarını genişləndirmişdir.

Koordinasiya Şurası yeni tranzit  imkanlarının yaradılmasını, mövcud infrastruktur obyektlərinin potensialından maksimum istifadə edilməsini, tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılmasını, haqsız rəqabətə şəraitin yaradılmamasını, tranzit yükdaşıma iştirakçılarının müraciətlərinə baxılmasını, onların hüquqlarının müdafiəsi məqsədilə tədbirlərin görülməsini, daşıyıcılar və ya müştərilər arasında bağlanmış  müqavilələrin qeydiyyatının aparılmasını təmin edən kollegial icra hakimiyyəti orqanıdır.  Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər tərəfindən tranzit yüklərlə bağlı dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, dəniz limanları və dəniz terminalları xidmətlərinin göstərilməsinə görə tariflərin dövlət tənzimləməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının fəaliyyətini əlaqələndirir.