QƏRAR-01 13.11.2015

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ

KOORDİNASİYA ŞURASI

Qərar № 01

 

Bakı Şəhəri, 13 noyabr 2015-ci il

 

Azәrbaycan Respublikası Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

 

“Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurasının yaradılması haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə, həmin Fərmanla təsdiq edilmiş “Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.6-cı bəndinə uyğun olaraq Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası (bundan sonra – Koordinasiya Şurası) QƏRARA ALIR:

  1. Koordinasiya Şurasının üzvləri aidiyyəti üzrə:

1.1. tranzit yüklərlə bağlı vahid tarif siyasətinin həyata keçirilməsi üçün dəmir yolu, dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin tənzimlənməsinə dair təkliflərini 5 gün müddətində hazırlayıb Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim etsinlər;

1.2. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, şərtlərinin və prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması və sadələşdirilməsi üzrə təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim etsinlər; 

 

1.3. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində bağlanmış bütün müqavilələrin qeydiyyatının aparılması məqsədi ilə zəruri inzibati və təşkilati tədbirlərin görülməsini təmin etsinlər;

1.4. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı elektron portalın yaradılması ilə əlaqədar olaraq, həmin portalda yerləşdirilməsi üçün sərhədkeçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, habelə daşıma prosesləri ilə əlaqədar digər zəruri məsələləri əks etdirən məlumatları 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim etsinlər; 

1.5. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, yeni tranzit imkanlarının yaradılması və tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması məqsədi ilə xarici dövlətlərin müvafiq qurumları və tranzit təşkilatlar ilə potensial əməkdaşlıq istiqamətlərinə dair təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim etsinlər; 

1.6. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müqavilələrinin bağlanması sahəsində “bir pəncərə” prinsipinin tətbiqindən irəli gələn məsələlərlə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

  1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi:

2.1. bu qərarın 1-ci hissəsinin icrası ilə bağlı daxil olan təkliflərin təhlil edilməsini və müvafiq qərarların qəbul edilməsi üçün Koordinasiya Şurasının iclaslarına çıxarılmasını təmin etsin;

2.2. nəqliyyat müəssisələrindən, daşıyıcılardan, habelə nəqliyyat xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərdən ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar ilə əlaqədar daxil olan müraciətlərin qəbulunu təşkil etsin, onlara baxılmasını, nəqliyyat müəssisələri ilə əlaqələndirilməsini və müvafiq tədbirlərin görülməsini təmin etsin.

 

Azәrbaycan Respublikası

Tranzit Yükdaşımalar üzrә

Koordinasiya Şurasının sədri                                                                                                       Şahin Mustafayev

Çap