QƏRAR-02 03.12.2015

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ

KOORDİNASİYA ŞURASI

Qərar № 02

 

Bakı Şəhəri, 3 dekabr 2015-ci il

 

Neft, neft məhsullarının və yük avtomobillərinin ölkə ərazisindən  tranzit daşınması ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə

 

Azәrbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası haqqında Əsasnamə”nin 2.0.1-ci yarımbəndinə və 4.6-cı bəndinə uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası QƏRARA ALIR:

  1. Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilsin (Əlavə 1).
  2. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, həmçinin Azərbaycan Respublikasının rezidenti və filial və nümayəndəliyi olan qeyri-rezidenti tərəfindən istismar edilən xarici dövlətlərin bayrağı altında üzən gəmilər vasitəsilə neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilsin (Əlavə 2).
  3. Neft və neft məhsullarının tranzit daşınması ilə bağlı dəniz terminalları tərəfindən göstərilən yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilsin
    (Əlavə 3).
  4. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş tariflərə neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.
  5. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş tariflərə aidiyyəti xidmət göstərən subyektlər tərəfindən 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə aidiyyəti xidmət göstərən subyektlərin müraciətləri əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxılır.
  6. Neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır.
  7. Neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.
  8. Nəzərə alınsın ki, neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması xidmətlərinin əks istiqamətlər üzrə tarifləri müvafiq istiqamətlər üzrə təsdiq edilmiş tariflərlə eynilik təşkil edir.
  9. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərardan irəli gələn məsələlərlə bağlı zəruri tədbirlərin görülməsini təmin etsin.
  10. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azәrbaycan Respublikası

Tranzit Yükdaşımalar üzrә

Koordinasiya Şurasının sədri                                                                                                       Şahin Mustafayev

Çap