05.06.2020

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 4-cü iclası keçirilib.

İyunun 5-də Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının videokonfrans formatında 4-cü iclası keçirilib. Tədbirdə İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Mikayıl Cabbarov, Koordinasiya Şurasının üzvləri - Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Ədliyyə nazirinin müavini Toğrul Musayev, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi Abbas Xəlilov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov iştirak ediblər.

Mikayıl Cabbarov koronavirus pandemiyasının mənfi təsirlərini vurğulayıb, Azərbaycan Respublikası Prezidentinin pandemiyanın yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirilib ki, pandemiya dövründə iqtisadiyyatın bir çox sahələrində fəallığın aşağı düşməsinə baxmayaraq, tranzit- nəqliyyat və yük daşımalar sektorunda artım tendensiyası müşahidə olunur. Belə ki, bu ilin 1-ci rübü ərzində 2,3 mln. ton yük daşınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artım qeydə alınıb. Qeyri-neft sektoru üzrə tranzit daşımalarda yüklərin həcmi son 5 ildə 3 dəfədən çox artaraq 2019-cu ildə 3 mln. ton təşkil edib. Qeyd edilib ki, son 5 ildə Şərq-Qərb dəhlizi üzrə yük daşımalar ildə orta hesabla 100 min ton artmaqla 500 min tona çatıb. Dəmir yolu nəqliyyatı ilə daşımalarda isə ən çox artım Şimal-Qərb dəhlizi üzrə müşahidə olunub. Bu dəhliz üzrə daşımalar son 5 ildə 7 dəfə artaraq 2019-cu ildə 1,1 mln. ton təşkil edib. Ötən il tranzit daşımalardan ölkəyə 185 mln. ABŞ dolları vəsait daxil olub ki, bunun 55%-i qeyri-neft , 45%-i isə neft sektoru üzrə daşımaların payına düşür.

Bununla belə, Azərbaycanın tranzit imkanları daha genişdir. “Ernst & Young” şirkətinin araşdırmalarına görə, qarşıdakı 4 il ərzində Azərbaycanın tranzitdən potensial gəlirləri 50% arta bilər.

Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısı tərəfindən hökumət qarşısında tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliyinin artırılması, əlavə yük axınlarının cəlb edilməsi kimi mühüm vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin həyata keçirilməsində isə yükdaşımaların keyfiyyətinin yüksəldilməsinə, çatdırılma müddətinin və daşınma xərclərinin azaldılmasına nail olunması əsas amillərdəndir. Bu baxımdan tranzit yükdaşımalar sahəsinin inkişafına məsul olan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, tranzit-logistikanın inkişafı üzrə strateji sənədin hazırlanması və s. məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülməlidir.

İqtisadiyyat naziri tranzit yükdaşımalar istiqamətində islahatlar və həyata keçirilən tədbirlər barədə məlumat verib, ölkəmizin ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi məqsədilə Birləşmiş Tranzit Operatorunun yaradılmasının nəzərdə tutulduğunu, tariflərin optimallaşdırılması yolu ilə vahid tranzit tarifinin formalaşdırılmasının, müvafiq qurumlara ayrılmış dövlət investisiyalarindan yüklərin həcminin artırılması məqsədilə səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. Mikayıl Cabbarov Birləşmiş Tranzit Operatoru hüquqi şəxsinin, onlayn rəqəmsal tranzit platformanın, vahid tranzit tariflərin yuxarı hədləri cədvəlinin yaradılmasını təklif edib.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında tranzit yükdaşımalar sahəsində mövcud vəziyyət və bu istiqamətdə səmərəliliyin artırılması məsələləri müzakirə edilib, iclas iştirakçılarının təklifləri dinlənilib.