Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası (bundan sonra – Koordinasiya Şurası) tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.

1.2. Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər tərəfindən dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir.

1.2.1. Nəqliyyat-ekspedisiya xidmətləri - bu Əsasnamənin 2.0.1-ci yarımbəndinin 1-3-cü abzaslarında göstərilən xidmətlər üzrə nəqliyyat müəssisələri ilə birbaşa müqavilə əsasında hüquqi və fiziki şəxslər tərəfindən göstərilən xidmətlərdir.

1.3. Koordinasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.4. Koordinasiya Şurası öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli həyata keçirir.

2. Koordinasiya Şurasının vəzifələri

2.0. Koordinasiya Şurasının vəzifələri bunlardır:

2.0.1. tranzit yüklərlə bağlı vahid tarif siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə aşağıdakı sahələrdə tariflər müəyyən etmək:
1. dəmir yolu ilə tranzit yüklərin daşınması;
2. dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması;
3. tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər;
4. bu Əsasnamənin 2.0.1-ci yarımbəndinin 1-ci – 3-cü abzaslarında göstərilən xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri.

2.0.2. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların bütün iştirakçılarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

2.0.3. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların ahəngdarlığının, səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi üçün tədbirlər görmək;

2.0.4. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, şərtlərinin və prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması və sadələşdirilməsi üzrə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.5. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müqavilələrinin bağlanması prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması, elektronlaşdırılması və bu sahədə “bir pəncərə” prinsipinin tətbiqi məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmək:

1. tranzit yükün daşınması ilə əlaqədar müqavilənin bağlanması üçün daşıyıcılar və ya müştərilərdən birbaşa və ya ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri vasitəsilə daxil olmuş müraciətlərin (o cümlədən elektron müraciətlərin) qəbulunu;

2. ölkə ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması şərtləri (vahid tariflər, müddətlər və s.) barədə məlumatın daşıyıcı şirkət və ya müştərilərə verilməsini;

3. daxil olmuş müraciətlərin koordinasiyası (razılaşdırılması) məqsədi ilə onların dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinə və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərə göndərilməsini;

4. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərlə daşıyıcılar və ya müştərilər arasında tranzit yüklərin daşınması ilə bağlı razılaşdırılmış müqavilələrin bağlanması üçün şərait yaradılmasını;

5. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən bağlanmış daşıma və nəqliyyat-ekspedisiya müqavilələrinin, habelə tranzit yüklərlə bağlı daşıma sənədlərinin surətlərinin alınmasını;

6. tranzit yüklərin daşınması ilə bağlı bağlanmış müqavilələrin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətli icrasının əlaqələndirilməsini;

2.0.6. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə daşınan tranzit yüklərin Azərbaycan Respublikasının dövlət sərhədindən (sərhəd və gömrük nəzarətindən) keçməsi prosedurlarının asanlaşdırılması, şəffaflaşdırılması və elektronlaşdırılması məqsədi ilə bu sahədə tranzit yükdaşıma fəaliyyətini müvafiq dövlət orqanları ilə əlaqələndirmək;

2.0.7. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinin, daşıyıcıların, ekspeditorların və operatorların qarşılıqlı fəaliyyəti üçün vahid prinsiplərin və şərtlərin müəyyən olunması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.8. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat infrastrukturunun inkişafı, daşıma proseslərini idarəetmə sistemlərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.9. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və yeni tranzit imkanlarının yaradılması məqsədi ilə təhlillər aparmaq, proqramlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.10. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.11. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinə uyğun istiqamətlərdə hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, digər orqanlar tərəfindən hazırlanmış belə layihələrə dair rəy və təkliflər vermək;

2.0.12. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində mövcud infrastruktur obyektlərinin potensialından maksimum istifadə edilməsi ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.13. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, yeni tranzit imkanlarının yaradılması və tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması məqsədi ilə dövlət orqan və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə xarici dövlətlərin müvafiq qurumları və tranzit təşkilatlar ilə əməkdaşlıq etmək;

2.0.14. Koordinasiya Şurasının qəbul etdiyi qərarların tətbiqinə dövlət nəzarətini həyata keçirmək, yol verilən nöqsanlarla bağlı qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə müraciət etmək;

2.0.15. Koordinasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı şərh vermək;

2.0.16. haqsız rəqabətə şərait yaratmadan ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində tariflər (qiymətlər) üzrə güzəştlərin müəyyən edilməsi qaydasına dair təkliflər vermək;

2.0.17. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşıma iştirakçılarının müraciətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi məqsədi ilə tədbirlər görmək, mübahisəli məsələlərin həlli ilə bağlı qərarlar qəbul etmək;

2.0.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin etmək;

2.0.19. ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərini təşviq etmək.

3. Koordinasiya Şurasının hüquqları

3.0. Koordinasiya Şurası öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.0.1. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinə uyğun olaraq görülən işlərə nəqliyyat bazarının iştirakçılarını cəlb etmək;

3.0.2. dövlət orqanlarından, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi, habelə fiziki şəxslərdən Koordinasiya Şurasının səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və məlumatlar almaq;

3.0.3. Koordinasiya Şurasının fəaliyyətinə ekspert və məsləhətçilər cəlb etmək;

3.0.4. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı qərarlar qəbul etmək;

3.0.5. Koordinasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək.

4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Koordinasiya Şurasının tərkibi (sədri və üzvləri) mərkəzi icra hakimiyyəti orqanlarının, digər dövlət idarə və təşkilatlarının nümayəndələrindən ibarət olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.2. Koordinasiya Şurasının sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Koordinasiya Şurasının fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirir, onun fəaliyyət proqramını təsdiq edir və həyata keçirir;

4.2.2. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı zəruri olan metodiki sənədləri, aktları, əmrləri, göstərişləri, məktubları və digər sənədləri imzalayır;

4.2.3. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.

4.3. Koordinasiya Şurası üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Koordinasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Koordinasiya Şurasının iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

4.3.3. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı digər işləri həyata keçirmək.

4.4. Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi (bundan sonra – Katiblik) tərəfindən həyata keçirilir.

4.5. Koordinasiya Şurasının gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətində Koordinasiya Şurasının üzvlərinə təqdim edilir və onlara Koordinasiya Şurasının iclasında baxılır.

4.6. Koordinasiya Şurasının iclasları aşağıdakı qaydada keçirilir:

4.6.1. Koordinasiya Şurasının iclasları onun üzvlərindən azı yeddi nəfər iştirak etdikdə ixtiyarlı sayılır;

4.6.2. Koordinasiya Şurasının iclasları rübdə bir dəfədən az olmayaraq və ya Koordinasiya Şurası sədrinin və ya üzvlərinin müraciətinə əsasən keçirilir;

4.6.3. Koordinasiya Şurasının iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Koordinasiya Şurası sədrinin səsi həlledicidir;

4.6.4. Koordinasiya Şurasının iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Koordinasiya Şurasının sədri və üzvləri tərəfindən imzalanır. Koordinasiya Şurasının iclaslarında bu Əsasnaməyə uyğun olaraq qəbul edilmiş qərarlar bütün dövlət və yerli özünüidarə orqanları, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir;

4.6.5. Koordinasiya Şurasının gündəliyinə daxil edilən məsələlər Koordinasiya Şurasının təsdiq etdiyi iş planı əsasında formalaşır;

4.6.6. Koordinasiya Şurasının gündəliyinə daxil edilmiş məsələlər barədə Koordinasiya Şurasının sədri və ya üzvlərindən biri məlumat verir;

4.6.7. Koordinasiya Şurasının hər bir iclasının reqlamentini, müzakirə olunacaq məsələlərdən asılı olaraq, Koordinasiya Şurasının sədri üzvlərin rəyini nəzərə alınmaqla müəyyənləşdirir.

4.7. Koordinasiya Şurasının iclaslarına dəvət olunan ekspert və məsləhətçilərin yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququ vardır.

4.8. Koordinasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumat Koordinasiya Şurasının sədri və ya onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Koordinasiya Şurasının rəsmi internet saytı vasitəsilə yayılır.

4.9. Koordinasiya Şurasının yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.